Sahil Babayev erməni işğalından xilas olunan Xudafərin körpüsünün azad edilməsinin Azərbaycan və İran arasında əlaqələrin və ümumiyyətlə regionun hərtərəfli inkişafına təkan verəcəyini bildirib.
Bu barədə nazir Sahil Babayev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə danışıb.
Sahil Babayev erməni tərəfinin torpaqlarımızı 30 ilə yaxındır işğalda saxladığını və ölkəmizə qarşı ardıcıl təxribatlar törətdiyini söyləyib və 27 sentyabrdan başlayaraq davam edən erməni təxribatları barədə məlumat verib. Cəbhədən kənarda yerləşən yaşayış məntəqələrimizin, mülki əhalimizin erməni terroruna məruz qaldığını və beləliklə də xeyli mülki insanın həlak olduğunu, yaralandığını və infrastruktura ciddi ziyan dəydiyini xüsusi olaraq qeyd edib.
Sosial müdafiə naziri onu da deyib ki, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlar beynəlxaql hüquq və normalara söykənir və bu əks-hücum əməliyyatları dünya birliyi tərəfindən tanınmış öz ərazilərimizdə aparılır.
Nazir eyni zamanda ordumuzun əldə etdiyi uğurları da diqqətə çatdırıb. O, qeyd edib ki, hələ 2016-cı ilin fevralında ölkə başçısı İlham Əliyevin İrana səfəri çərçivəsində hər iki ölkə arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və su ehtiyatlarından istifadə barədə əməkdaşlıq haqqında saziş imzalanıb. Xudafərin körpüsünün və ətraf ərazilərin işğalından azad edilməsi bu sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasını təmin edəcək.
Görüş əsnasında hər iki ölkə arasında tarixi və mədəni bağların İran və Azərbaycan arasındakı əlaqələrin əsasını təşkil etdiyi, hər iki dövlət başçılarının görüşlərinin, qarşılıqlı rəsmi səfərlərin əlaqələrin inkişafına önəmli töhfə verdiyi vurğulanıb.
İran İslam Respublikasının ölkəmizdəki səfiri S. A. Musəvi hər iki ölkənin dərin tarixi köklərə malik əlaqələrinin daim genişləndiyini söyləyib və İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini nitqinə əlavə edib.