Azərbaycan və Monteneqro Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün Monteneqroya səfər edən Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqro Departamentinin rəhbəri Naida Nisiç ilə görüşüb.
Sahil Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişləndiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əsas təşkil etdiyini vurğulayıb.
Babayev bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər sosial sahəni də əhatə edir. O, ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib.
Son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurları, dövlət sosial xidmətlərinin elektronlaşdırılması və DOST konsepsiyası barədə məlumat verən S.Babayev bildirmişdir ki, ölkəmizin bu təcrübələri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Naida Nisiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadiləsində, bu istiqamətdə işlərin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı iki nazirlik arasında fəaliyyət sahələrində təcrübə mübadiləsi aparılmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.