Albert Aqarunov kimdir?

Albert Aqarunoviç Aqarunov — yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.

Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində doğulub. Uşaq yaşlarından musiqiyə marağı vardı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.

Suraxanıdakı 154 saylı məktəbin 8-ci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə getdiyi vaxta qədər işləyərək ailəsinə dəstək olurdu. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu.1989-cu ildə isə ordu sıralarından tərxis olunaraq Bakıya qayıdıb və  Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başladığı vaxt, Aqarunovun ailəsinə cəbhəyə könüllü yazılması xəbərini deməsi onlarda çaşqınlıq yaratmışdı. Ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi.Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir.

Albert Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına beş milyon rubl pul mükafatı qoymuşdular.

Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və elə döyüş meydanında da həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir, daha sonra isə öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Əvvəlki yazıSahil Babayev kimdir?
Növbəti yazıMikayıl Müşfiq kimdir?